Meyvə və Tərəvəz
-
Manqostin
Bol çeşidli ekzotik delikateslərimiz arasında manqostin meyvəsi öz layiqli yerini tutmaqdadır. Dad baxımından rambutan və liçiyə bənzəyən bu meyvənin çoxsaylı mikro və makroelementlərlə zənginliyi onun farmakologiyada geniş tətbiq olunması ilə nəticələnir. Tərkibində B, C, E vitaminləri, siamın, azot, kalsium, maqnezium, sink, fosfor, natrium, kalium, riboflavin olan meyvə lətinində, eləcə də qabığında bu meyvənin ən vacib komponenti sayılan ksantonlar var ki, bu təzəlikcə kəşf edilmiş kimyəvi birləşmələr güclü antioksidant təsirə malikdir. Buna görə alimlər meyvəni qabığı ilə birlikdə, püre halına salaraq, yeməyi tövsiyə edir.
Müntəzəm olaraq manqostindən istifadə immunitetin güclənməsinə, zülal mübadiləsi və qan tərkibinin, həzm sisteminin və əqli fəaliyyətin yaxşılaşmasına, qara ciyərin regenerasiyasına, yaşlanma prosesinin yavaşlamasına, xərçəng hüceyrələrinin inkişafının qarşısının alınmasına gətirib çıxarır. Xüsusən də Altsheymer, Parkinson, dəri xəstəlikləri və xərçəngin fərqli növlərindən əziyyət çəkən insanların bu ekzotik meyvəni qida rasionuna əlavə etməsi məsləhət görülür.
-
Karambola – ulduz meyvəsi
Kəsilmiş dilimləri ulduzu xatırladan bu meyvənin dadı təxmini olaraq motmotu, alma və xiyarın dad qarışığına bənzəyir. Lakin karambola təkcə maraqlı forması və qeyri-adi dadı ilə deyil, tərkibindəki dəmir, fosfor, kalium, natrium, kalsium və maqnezium, C və B qrupu vitaminləri və üzvi turşular kimi qidalanma dəyəri yüksək elementlərə görə qiymətlidir.
-
Yergilası meyvəsi – fizalis
Fizalis kimi tanınan yergilası meyvəsi karbohidratlar, fruktoza, qlükoza və müxtəlif bioaktiv maddələrlə zəngindir. Tərkibindəki bir çox vitamin olduğu üçün, o asanlıqla multivitaminli preparatları əvəzləyə bilir. Məsələn, yergilasında bildiyimiz limondan düz 2 qat çox vitamin C var!
Meyvənin faydalı xüsusiyyətlərindən onun antiseptik, ağrıkəsici və soyuqdəymə əleyhinə, eləcə də davamlı istifadədə öd-sidik qovucu və qan saxlayıcı təsir göstərməsini qeyd etmək olar. -
Razyana kökü – fenxel
Görünüşcə şüyüdü, dad olaraq isə adi cirəgülünü xatırladan razyana bitkisi həqiqətən də unikaldır. El arasında boyana kimi də tanınan bu bitkinin həm kökü, həm yarpaqları, həm də toxumları fərqli məqsədlər üçün istifadə edilir. Razyananın xırtıldayan soğanları italyan və çin mətbəxinin əvəzolunmaz komponentlərindən olub, ət və balıq xörəklərində, eləcə də bişintilərdə geniş istifadə edilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, razyananın metabolizmi sürətləndirmə xüsusiyyətinə görə, onu “arıqlama bitkisi” də adlandırırlar.
-
Topinambur – yer armudu
Görünüşcə kartofa oxşayan və topinambur kimi tanınan yer armudunun faydaları saymaqla bitməz. Tərkibindəki bir sıra vitaminlər, minerallar, pektinlər və amin turşuları sayəsində bu möcüzəvi məhsul həm mədə-bağırsaq sisteminə və oynaqlara müsbət təsir göstərir, həm 2-3 ay ərzində qəbul edildikdə, orqanizmi toksinlər, şlaklar və ağır metalların duzları kimi zərərli maddələrdən təmizləyərək, xroniki intoksikasiyanın əlamətlərini aradan qaldırır, həm də qanda qlükoza səviyyəsini azaldır. Həmçinin, xoş, şirin dada malik olması səbəbi ilə yer armudundan kompot və kisellərin hazırlanmasında istifadə edə bilərsiniz.
-
Qoji giləmeyvəsi bio 250 qr
Kiçik qırmızı yumşaq meyvələrinə görə “Qurd üzümü” kimi tanınan Tibet mənşəli qoji giləmeyvəsi, tərkibindəki vitaminlər və minerallar baxımından diqqətə layiqdir. Qida rasionunuza əlavə edildiyi təqdirdə, qoji meyvələri sizin immunitetinizi gücləndirir, vitaminləri sayəsində orqanizminizi qrip virusuna qarşı qoruyur, sərbəst radikallar sayəsində yaşlanma əleyhinə təsir göstərərək, dəri qırışlarını azaldır, antioksidantlar sayəsində hüceyrələri zərərli maddələrdən qoruyur, görmə qabiliyyətini və dərinin görünüşünü yaxşılaşdırır, insulin müqavimətini və qandakı xolesterin səviyyəsini tənzimləyir, yuxu keyfiyyətini artırır, eləcə də stress və yorğunluğu aradan qaldırır. Pəhrizdə olanlar və sağlam qidalanmağa önəm verənlər üçün uyğundur.
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Üçrəngli çerri pomidorları 250 qr
Bildiyimiz çerri pomidorlarının 3 fərqli rəngi tərəvəz salatlarınıza əlvan rənglər və şirin notlar qatacaqdır.
-
Sarı gül kələmi
Gül kələminin ən fərqli növlərindən biri də sarı gül kələmidir ki, ona bəzən tünd sarı rənginə görə “portağal” və ya “çeddar” (pendiri) kələmi deyirlər. Bu rəng kələmin tərkibindəki beta-karotinin təbii çoxluğu ilə izah olunur ki, buna görə sarı gül kələmindəki A vitamininin miqdarı adi ağ gül kələmi ilə müqayisədə 25% daha çoxdur.
-
Qırmızı portağal
Əsasən İtaliyanın Siciliya adasında yetişdirilən və qan qırmızısı rənginə görə “qanlı portağal” kimi tanınan bu qeyri-adi portağal növünün rəngi, məşhur Etna vulkanına yaxın yerləşməsi və yetişdiyi bölgədəki spesifik iqlim şərtləri ilə izah olunur. Adi portağala nisbətən daha kiçik olan bu növün meyvələri bol sulu, yüngül moruq notlu şirin və dolğun sitrus dada malikdir.
Tərkibində ehtiva etdiyi karotin, antosian, kalium, selen, maqnezium, natrium, dəmir, kalsium, A və B, E, C qrupu vitaminləri, eləcə də fitonisidlər və antioksidantlar sayəsində qırmızı portağal immuniteti gücləndirir, hemoqlobin ifrazına təkan verir, mədə-bağırsaq sisteminin fəaliyyətini və dəmir həzmini yaxşılaşdırır, soyuqdəymə və nəfəs sistemi xəstəlikləri əleyhinə müsbət təsir göstərir, bədəndən zərərli toksinləri çıxarır, yaşlanma proseslərini ləngidir, təzyiqi və ürəyin iş prosesini normallaşdırır və artıq çəki ilə mübarizə aparanlara yardımçı olur.
-
Əkin indausu – rukkola 200 qr
Əkin indausu – rukkola
A, C, E, K və B qrup vitaminləri, natrium, sink, maqnezium, mis, fosfor, dəmir, selen, manqan kimi minerallarla zəngin, hamımızın salatlardan və ət yeməklərindən “rukkola” kimi tanıdığımız əkin indausu, eyni zamanda aşağı kalorili bir məhsuldur. Belə ki, bu göyərtinin 100 qramında cəmi 25 kalori, eləcə də çox miqdarda lif var – bu da onu sağlam qidalananlar və pəhriz saxlayanlar üçün tez doydurucu sağlam bir məhsul edir. -
Dragon fruit Pitaya sarı – 1 ədəd
Qeyri-adi qabıqlı görünüşünə görə “Əjdaha meyvəsi” kimi tanınan pitahayanın insan orqanizmi üçün faydasını saymaqla bitməz. Tərkibindəki yüksək miqdarda lif, maqnezium, dəmir, C və E vitaminləri, polifenollar, karotinoidlər və betasianinlər həzmi sürətləndirir, ürək və damar sisteminə müsbət təsir göstərir, sümükləri gücləndirir, qan şəkərini tənzimləyir və sinir sisteminin fəaliyyətini qaydaya salır. Bundan əlavə, pitahayadaki antioksidantlar hüceyrələri azad radikallardan qoruyaraq, yaşlanma prosesini ləngidir və xərçəng, şəkərli diabet və artrit kimi xəstəliklərə qarşı profilaktik maddə kimi çıxış edir. 100 qramında cəmi 63 kalori olan bu tropik meyvənin gündəlik norması 200-230 qram olduğu üçün, onu həmçinin pəhriz vaxtı da dadlı bir atışdırmalıq kimi istifadə etmək olar.
Luxfood sizə kivi, şaftalı və qarpız qarışığı dadan bu meyvəni mövcud 3 növdə – qırmızı, qırmızı içlikli qırmızı və sarı – təklif edir.